Çox qəribə hissdir bu
Səni dünən sevmirdim, bu gün sevirəm
Səni sabah da sevməyəcəm
Gözəl oyundur
Bir gün sevgi
Bir gün ölmüş hisslər.
Bil, bu gün yenə qəlbimdəsən
Bu gün göz yaşımın hər giləsində
Bu gün xatirəmdə
Bu gün burdasan.
Səni qovmaram qal yanımda.
Amma bircə günlük qal
Sabah ölə bilər duyğular
Gəl birgə ağlayaq
İlk dəfə üz-üzə, göz-gözə baxaraq.
Gəl birlikdə qaçaq
Hamıdan uzağa
Cənnət olan diyara
Xatırladım səni bu axşam da.
Günləri sayıram dayanmadan
Artıq səhv saldım
Başlanğıcda başlayan tarixə
yenidən qayıdaq
Mən baxmayım gözünə
Sənsə gülümsəmə saf gülüşlə
Baxsaq da ancaq nifrətlə
Gəl başlamadan son qoyaq hekayəmizə
Yarımçıq romanları sevmədim
Bilirsən?
Səni çox sevmişdim mən…
(Zeynəb Münzəvi)
Sən də sevmişdin
Ən az mənim qədər
Bəlkə buna əminəm
Bəlkə sadəcə qədər
İndi çox uzaqdasan
Əllərim,
Sözlərim çatmayacaq qədər..
Kimsə günahkar deyil
İçimdə yalnız kədər..
Bir oyundu bəlkə də
Gözlərimi bağladım
Onlar da gizlətdilər
Səni məndən, məni səndən
Gözlərimi,
O’nadək sayıb açana qədər..
Hə, oyun oynayır mənimlə
Həyatıma gələnlər
Qalanlar və gedənlər..
Çarmıxa çəkilib hisslərim
Orta əsrlərin sevgi cəzası
İsanı tapmadılar
Məni tutub çəkdilər..
Ağlayır göylər mənə
Bir mələklə söhbəti
Xatırlayana qədər
Sənə nağıl danışım
Bilirsən, əslində mən
Nə sevirdim
Bağışlayacaq qədər
Nə də nifrət edirdim
Nağıl danışacaq qədər..
Mən sadəcə o mələklə
Söhbət edirdim
Ondan..
Başımı qaldıranda
Hər dəfə qarşımdakı
Ondan gələn bir mələk
Cavabımı verirdi:
GÜNAHIN GÖYLƏR QƏDƏR!
İndi məni götürsə
Ölüm özün yetirsə
Ona doğru aparsa
Tək bircə sualım var:
BAĞIŞLAYACAQ MƏNİ,
SONU SEVDİYİM QƏDƏR?
(NUR)
