Burada mən varam. Burada xəyallar gerçək olur. Körpə arzuların doğum evidir bura. Buranın Tanrısı mənəm. Uşaq ikən bir çoxlarımızın öz dünyası olur. Yaşlandıqca bu dünya inzivamıza çevrilir. Əslində hər kəsin öz inzivası var. Kimsə öz dünyasında nifrətini bağırır, kimsə sevgisini yaşayır, kimsə göz yaşlarından ibarət irmaqlar axıdır. Eqomun edam meydanı. “Şeytana giriş qadağındır” yazısı qapının kandarından asılıb. Nəfsimlə rinqə çıxıram burada. Hakimin qaldırdığı əl mənim əlim olur. Burada elə hakim də özüməm. Mən burada İncillər, Tövratlar, Quranlar yazıram. Dindarlar mənim buradakı Tanrılığımı qəbul etmir. Kənardan heçnə dəqiq görünmür. Heç nə haqda dəqiq bilmədən mühakimə yürütmək də düzgün deyil. Onlar anlamazlar! Sevirəm bu formada yazılmış ayəni.
Sevirəm inzivamı. Bəzən həyatı da sevirəm. Günahları daha çox sevirəm. Nə qədər təzadlı olsa da bəzən sən belə gəlirsən inzivama. Tənhalıq məkanında ikimiz. Ziddiyyətlər aləmiyəm. Və şeirlərimi, yazılarımı oxuyan oxucular inzivama kənardan baxaraq ekskursiya edirlər. Bağışlayın amma qapıdan içəri buraxmıram. Bir azca qonaqpərvər deyiləm.
(Məhbus Münzəvi)
Hər kəs öz dünyasında.. Hər kəs öz inzivasında insanlardan qaçaraq dünyasında sığınar. Ruhlar inzivadadır cisimlər tək olmasa da.
Təkliyə çəkilməkdir inziva, bağlamaq qapıları ruhuna – bu dünyadan uzaqlaşmaq. Çoxluq içində yoxluq – heç bir yerdə olmamaq. Qəlbində yalnız Yaradan – bir tək O səni tək buraxmaz. Çığırışlar, hayqırışlar – sonunda susqunluqlar başlar. Bu təklikdə böyüyərsən, ruh yaşın artar saniyə bə saniyə. Yorularsan… Hərkəsdən, hamıdan.. Dönərsən inziva adlanan ruh otağına. Bəzən söndürərsən işıqları, bəzən də günəşi yandırarsan bir şam misalı – qaranlıqları aydınlatsın deyə..
“Şu hayatta tek başına inzivada kalarak, sadece kendi sesinin yankısını duyarak, hakikati keşfedemezsin. Kendini ancak bir başka insanın aynasında tam olarak görebilirsin.” (Elif Şafak – AŞK)
Güzgüdəki əksinlə rastlaşdıqda bitməsini istərsən susqunluqların.Axtardığımız insan uzaqda deyil, bəlkə də görəməyəcəyimiz qədər yaxınımızdadır. Dəvət edərsən əlindən tutub inzivana. Cisimlər yan-yana olsa da sözlər danışmaz. Səssizlik özü çox uzun söhbətlərdir – birbirini danışmadan anlamaq.
Bəlkə də ömrüm inzivada keçdi içimə çəkilərəkdən…
(Zeynəb Münzəvi)
2011
